Qusar Cüdo Mərkəzində seminar keçirilib

ESTAFET/ Azərbaycan Cüdo Federasiyası tərəfindən regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarların təşkili davam edir. Növbəti belə bir seminar Qusar Cüdo Mərkəzində keçirilib. Tədbirdə federasiyanın regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov iştirak ediblər.

 

Seminarın ilk günündə Şimal-şərq regionunda aparılan iş, idmançılarımızın respublika idman meydanlarında qazandıqları uğurlu nəticələr barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşıdan gələn yeni tədris ili ilə bağlı vəzifələr qarşıya qoyulub. Toplantıdan sonra tatami üzərində region məşqçiləri yeniyetmə idmançılarla birgə praktiki seminar keçiriblər.


Seminarın ikinci günündə gənc idmançılara rezin jqut ilə fəndlər üzərində işləmə nümayiş olunub. Xüsusi test vasitəsilə fuknsional hazırlığın vacib komponentlərindən biri sayılan fiziki hazırlıq, sürət-qüvvə, sürət kimi keyfiyyətlərin, xüsusi dözümün anaerob və aerob istiqamətində enerji təminetmə və bərpa mexanizminin üzərində işlənməsi, həmçinin təkmilləşməsi üzərində iş aparlıb. 

Müəllif: Orxan NOVRUZOV