Ağırlıqqaldıranlarımız mübarizəyə qoşuldular

ESTAFET/ Xəbər verdiyimiz kimi, bugündən etibarən İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edir. Artıq tımsilçilərimiz körpücük üzərinə çıxıb. Muxtarlı Günel yaşı 15-ə qədər olan qızların mübarizəsində 44 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Atletimiz birdən qaldırma hərəkətində 42 kq-ın öhdəsindən gəlib. Təkanla qaldırma hərəkətində 55 kq-ı ram edib. Toplam 97 kq (42+55) nəticə ilə Günel Muxtarlı Avropa birinciliyində 6-cı yeri tutub. 

 

Qarayeva Selcan yaşı 15-ə qədər olan qızların mübarizəsində 48 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Atletimiz birdən qaldırma hərəkətində 50 kq-ı başı üzərinə qaldırıb. O, təkanla qaldırmada 66 kq-ın öhdəsindən gəlib. Toplam 116 kq (50+66) nəticə göstərən Selcan Qarayeva bu çəkidə 7-ci yeri tutub.

 

Müəllif: Bəhruz MƏMMƏDOV