Son gündə daha 2 gümüş və 2 bürünc medal: GAÇ - 2018

ESTAFET/ İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb. Son yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 gümüş və 2 bürünc medalla başa vurub.

 

61 kq-da mübarizə aparan İntiqam Vəlizadə İsveç, Moldova, Belarus və Gürcüstandan olan rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ermənistan idmançısı olub. Güləşçimiz gümüş medalla kifayətlənib.

 

92 kq çəkidə yarışan Asxab Həmzətov isə İtaliya, Gürcüstan və Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda son görüşdə onun rəqibi Rusiya idmançısı olub. Həlledici görüşü uduzan güləşçimiz çempionatın gümüş medalına yiyələnib.

 

74 kq-da mübarizə aparan İsmayıl Abdullayev Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü 2:2 hesablı bərabərliklə məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşdə Ermənistan idmançısına qalib gəlib.

 

Rahid Həmidli (125 kq) isə bürünc medal uğrunda görüşdə Polşa idmançısından üstün olub.

Müəllif: Bəhruz MƏMMƏDOV