BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATI

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan millisi sentyabrın 24-də İtaliyaya yola düşəcək. Boks Federasiyasından verilən məlumata görə, seçməmiz İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

 

 

Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prossesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib.

 

Oktyabrın 6-da start götürəcək bu dünya çempionatı Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıdığından dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Bakıda keçirilən Avropa Oyunlarında Qətərdə keçiriləcək yarışa vəsiqə qazanmışdı. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundialda iştirak hüququna yiyələnib.

 

Millimizin tam heyəti:

49 kq - Rüfət Hüseynov 

52 kq - Elvin Məmişzadə 

56 kq - Tayfur Əliyev 

60 kq - Albert Səlimov

64 kq - Lorenzo Sotomayor 

69 kq - Pərviz Bağırov

81 kq - Teymur Məmmədov

91 kq - Abdulqadir Abdullayev

+91 kq - Məhəmmədrəsul Məcidov