"Bu məni sevindirir": Roberto Bordin

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının V turu çərçivəsində “Zirə”nin qonağı olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyunsonrası mətbuat konfransı keçirib. İtaliyalı mütəxəssis əvvəlcə 2:1 hesablı qələbə haqda fikirlərini bildirib.

 

- Rəqib bu gün ciddi müqavimət göstərdi. “Zirə” qalib gəlmək əzmində idi. Qeyd edim ki, rəqib haqq etdiyi mövqedə deyil. Biz bu gün yaxşı oynadıq.

 

- Samir Abasovla aranızdakı mübahisəyə aydınlıq gətirməyinizi istəyərdik…
- Bunu konflikt kimi qələmə verməzdim. Sadəcə, anlaşılmazlıq yaşandı. Düşünürəm ki, nə mən, nə də həmkarım bununla komandalarımıza fayda vermədik. Peşmanam.

 

- Mirabdulla Abbasovu millimizdə görürsünüzmü və həmkarınız Qurban Qurbanov sizdən məsləhət alsa, belə bir tövsiyə edərsinizmi?
- Komandamdan istənilən futbolçu milliyə dəvət alırsa, bu, məni sevindirir.

 

-Qol vurduqdan sonra müdafiəyə çəkilirsiniz. Müdafiədə isə etibarlı oynamırsınız. Ümumiyyətlə, komandanız hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmək sizin tapşırığınızdı?
- Futbol müdafiə və hücumdan ibarətdi. Qol vurduqdan sonra da hücumlar qurduq. Ümumilikdə komandam yaxşı oyun göstərdi.

 

- İlk turlarla müqayisədə, hücum xəttində yetərincə rotasiyalara əl atdınız. Bunu nəylə izah edə bilərsiniz?
- Məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçulara şans tanıyırıq. Bizi sevindirir ki, rotasiyalar üçün əlimizdə yetərincə futbolçu var. 

Müəllif: Məsim MƏSİMZADƏ