Sablyaçılarımız "Satellite" kateqoriyalı turnirdə çıxış edib

ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə "Satellite" kateqoriyalı beynəlxalq turnir keçirilib. Turnirin ikinci yarış günündə qadın sablyaçıların fərdi mübarizəsinə start verilib.

 

Sablyaçılarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-də qələbə qazanıb. Eyni nəticəyə Sevil Bünyatova da imza atıb. Sevil qrupda keçirdiyi 5 görüşdən 4-nü qalib başa vurub. Sevinc Bünyatova qrup mərhələsi çərçivəsində keçirdiyi 5 görüşdən 3-də, Aysel Əhədova isə 5 görüşdən 2-də qalib gəlib.

 

Təmsilçilərimizdən Aysel Əhədova 1/16 finalda bolqarıstanlı Yoana İliyevaya 7:15 hesabı ilə uduzub.

 

1/16 finalda Çex Respublikası təmsilçisi Klara Hanzlikovaya 15:5 hesabı ilə qalib gələn Sevil Bünyatova 1/8 finalda bolqarıstanlı Yoana İliyevaya 9:15 hesabı ilə məğlub olub.

 

Digər sablyaçımız Səbinə Kərimova isə 1/16 finalda macarıstanlı Mirabella Kelecsenyiyə 14:15 hesabı ilə uduzub.

 

1/16 finalda bolqarıstanlı Teodora Vutovaya 15:6 hesabı ilə qalib gələn Sevinc Bünyatova isə 1/8 finalda meksikalı Natalya Botelloya 8:15 hesabı ilə məğlub olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV