Atletlərimizin Olimpiadada çıxış vaxtları bəlli oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, oktyabrın 6-dan etibarən Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına start verilib. 12 gün ərzində 206 ölkədən 4 mindən çox atlet 32 idman növündə 241 medal dəsti üçün mübarizəyə qoşulacaq. Onların içərisində 9 idman növündə yarışacaq 17 Azərbaycan idmançısı da var. Onlardan iki nəfəri isə yeniyetmə ağır atletdir.

 

Buenos-Ayresdə ümumilikdə, qız ağır atletlər 44, 48, 53, 58, 63 və +63 kq, oğlanlar isə 56, 62, 69, 77, 85 və +85 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Ümumilikdə 63 ölkədən 102 atlet qüvvəsini sınayacaq.

 

Lalə Rzazadə, 2001-ci ildə Lənkəranda anadan olub. “Zirvə” İdman Klubunun nümayəndəsidir. Şəxsi məşqçisi Teymur Əliquliyevdir. Yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq yarışların iştirakçısıdır. 58 kq çəki dərəcəsində mübarizə aparacaq. O, körpücük üzərinə 11 oktyabr, Bakı vaxtı ilə saat 21:30-da çıxacaq.

 

Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. “Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur. 85 kq çəki dərəcəsində mübarizə apacaq. O, körpücük üzərinə 12 oktyabr, Bakı vaxtı ilə gecə saat 01:00-da çıxacaq. 

Müəllif: Natiq NƏSİROV