Yığmamız dünya çempionatına Türkiyə ilə birlikdə hazırlaşır
ESTAFET/ Qadın güləşçilərdən ibarət yığmamız Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirir.
Oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.