Gimnastımız Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazandı

ESTAFET/ Bu gün, Buenos-Ayresdə keçirilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idman gimnastı Səməd Məmmədli və bədii gimnastımız Yelizaveta Luzan çoxnövçülükdə öz çıxışlarını yekunlaşdırıblar.

 

Bu oyunlarda gimnastika növləri üzrə təmsilçilər şəxsi hesabla yanaşı, komanda hesabında da mübarizə aparıblar. Belə ki, bütün iştirakçılar ulduz gimnastların adlarını daşıyan 13 komandaya bölüşdürülüblər.

 

Luzan da 4 qat Olimpiya çempionu Simona Baylzın komandasına daxil olub. Həmin komanda da bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan gimnastlar yer alıb. Oyunların iştirakçıları, həmçinin Luzan fərdi çıxışlarının nəticələri əsasında komanda hesabında xal toplamış və yekunda gimnastımıza da qızıl medaldan pay düşüb.  

Müəllif: Bəhruz MƏMMƏDOV