Baham adalarında Azərbaycan finalı keçirilib

ESTAFET/ Xəbər verdiyimiz kimi, Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mundialın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

 

55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. 

 

60 kq-da mübarizə aparan, ötən il gənclərin dünya çempionatının gümüş medalçısı Kəramət Hüseynov isə uğursuzluğa düçar olub. İlk görüşündə Çili idmançısına cəmi 19 saniyəyə qalib gələn Kəramət 1/8 finalda gürcü cüdoçu ilə bacarmayıb. Əsas vaxtı xalsız başa vuran rəqiblər qızıl xala gediblər. Burada isə gürcü cüdoçu ani səhvdən məharətlə yararlanıb və növbəti mərhələyə keçib. 

 

Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Luis Pettitlə qarşılaşıb. Görüşün əsas vaxtında xal qazanmayan cüdoçular qızıl xala gediblər. Burada əlavə xəbərdarlıqla məğlub olan Şəfəq medalın bir addımlığında dayanıb. Qeyd edək ki, Şəfəq 1/4 final görüşündə tunisli idmançı ilə də eyni aqibəti yaşamışdı. 

 

Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar. 

Müəllif: Natiq NƏSİROV