28 oktyabr - Dünya Cüdo Günüdür

ESTAFET/ Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir. Məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) oktyabrın 28-də anadan olduğu üçün bu tarix cüdo günü kimi qeyd olunur.

 

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir. Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında parlaq qələbələr qazanıblar. Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. Son üç ildə cüdoçularımız Olimpiya Oyunları, Avropa çempionatı , "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar. 

Müəllif: Natiq NƏSİROV