İSLAH OLUNAN YENİYETMƏLƏR ARASINDA TURNİR KEÇİRİLİB
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində mütəmadi olaraq tədbirlər keçirir.
Tədbirlər çərçivəsində tərbiyə müəssisəsində yeniyetmələrin cəmiyyətə inteqrasiyası, asudə vaxtının səmərəli təşkili, onlarda bədii qiraətə və idmana marağın, dünya görüşlərinin və intellektlərinin artırılması, onların fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılması, valideynləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır.
Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində olan yeniyetmələrə öz hüquq və vəzifələri ilə bağlı mütəmadi biliklərin öyrədilməsi, onların asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan yeniyetmələrin müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır.
Bu istiqamətdə növbəti tədbir olaraq 23 sentyabr 2015- il tarixində, saat 11:00- da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində islah olunan yeniyetmələr arasında stolüstü tennis üzrə turnir keçirilmişdir. Yarışın baş hakimi oyun qaydaları barədə ətraflı məlumat vermiş və peşəkar tennis ustaları stolüstü tennis oyununu nümayiş etdirmişlər.
Turnirdə fərqlənən yeniyetmələrə Ailə ,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim edilmiş, Tərbiyə Müəssisəsində uşaqların mütəmadi olaraq stolüstü tennislə məşğul olmaları üçün Federasiya tərəfindən lazımi avadanlıq hədiyyə edilmişdir.