STOLÜSTÜ TENNİS MƏŞQÇİLƏRİ ÜÇÜN SEMİNAR BAŞA ÇATIB

Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası ilə birgə layihəsinə əsasən sentyabr ayının 13-dən 20-dək Bakı və respublikanın regionlarında fəaliyyət göstərən 30-dan artıq məşqçi-müəllimlər üçün sertifikatlaşdırılmış seminar keçirilib.

Seminarın təşkilində əsas məqsəd ölkənin müxtəlif regionlarından olan yerli məşqçilərin ixtisasının artırılmasıdır. Beynəlxalq  Stolüstü Tennis Federasiyasının (İTTF) I dərəcəli sertifikatlarını əldə etmək üçün keçirilmiş ilk seminar texniki, taktiki, fiziki və psixoloji aspektlərdən ibarət olmuşdur. 20 nəfər ən yaxşı məşğçi gələcəkdə daha yüksək dərəcə olan II dərəcəni almaq imkanı qazanacaq, iki il ərzində isə onlar ən yüksək dərəcə sayılan III dərəcəyə malik ola biləcəklər. Seminar müxtəlif hazırlıq qruplu məşqçilər üçün təşkil olunmuşdur. Nəzəri mərhələnin sonuncu günü paralimpiyaçıların təsnifat aspektlərinə, yarış qaydalarının dəyişdirilməsinə, yarışlar zamanı paralimpiyaçılatın müşayiət edilməsinə, ayrı- ayrı texniki elementlərin öyrənilməsinə edilməsinə həsr olunmuşdur. Seminarda video nümayişdən də istifadə olunmuş və məşqçilər praktiki məşğələlərdə fəal iştirak etmişlər. Sonda iştirakçılara İTTF-nin beynəlxalq sertifikatları təqdim edilmişdir. Seminara təcrübəli belorus idman mütəxəssisi, 2008-ci ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının Yüksək İdman Ustalığı Məktəbinin məşqçisi Aleksey Yefremov rəhbərlik etmişdir.
Seminarın bağlanışı mərasimində Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxış edərək, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildini vurğulamış, son illətrdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən danışmışdır. F.Məmmədov stolüstü tennis yeniliklərinin və azyaşlılarla işləməyin yeni metodlarının yerli mütəxəssislərə öyrədilməsində seminarın əhəmiyyətini diqqətə çaydırmışdır.
Beynəlxalq Stolüstü Tennis Birliyinin nümayəndəsi Aleksey Yefremov Azərbaycana ilk dəfə gəldiyini və Bakının gözəlliyinə vurğun olduğunu bildirmişdir. Azərbaycanda idmana və stolüstü tennisə verilən qiymətə görə Beynəlxalq Stolüstü Tennis Birliyi  adından ölkə rəhbərliyinə minnətdarlığını və bu seminarın yerli məşqçi-müəllimlər beynəlxalq tennis aləminə inteqrasiya olunmasına təkan verəcəyini vurğulamışdır.
Seminar  iştirakçısı Billurə Eminova tədbirin yüksək səviyyədə təşkil olunduğunu və məşqçi-müəllimlərin önəmli yeniliklərlə tanış olduğunu diqqətə çatdırmış, seminar iştirakçıları adından idmanın inkişafı üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Mərasimin sonunda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.