Yığmaların məşqçilərinin iştirakıyla iclas keçirilib

ESTAFET/ Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yığmaların məşqçilərinin iştirakıyla iclas keçirilib.

Əvvəlcə AGF-nin baş katibi Orxan Məmmədov çıxış edərək millilərdə çalışan mütəxəssislərə tövsiyə və tapşırıqlarını çatdırıb: “Bu il əsas diqqət böyüklərdən ibarət yığmalara ayrılacaq. Çünki əsas hədəf dünya çempionatından Olimpiadaya maksimum sayda lisenziya qazanmaqdır. Fevralda keçiriləcək gənclərin ölkə çempionatında fərqlənənləri əsas milliyə cəlb etmək olar. Bütün məşqçilər işə ciddi yanaşmalı, nizam-intizama riayət etməlidir. İşində nöqsana yol verəcək məşqçilərlə yollar ayrılacaq. Bundan sonra Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, məşqçilər üçün də lisenziya alınacaq. Lisenziyası olmayan məşqçi yarışlara getməyəcək. Sekundant məsələsi də baş məşqçinin qərarına uyğun müəyyənləşməlidir. Hazırlıq prosesində kənar şəxslər yer almamalıdır. Bu il Avropa çempionatına da çox ciddi yanaşmaq lazımdır. Çünki qitə birinciliyi Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarına lisenziya verəcək”.

Daha sonra söz alan AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov da yığmalarda nizam-intizamın əsas şərt olduğunu qeyd edib: “Dünya çempionatına cəmi 8-9 ay qalıb. Məşqçilərin taleyi bu yarışdan asılıdır. Əsas diqqət olimpiya çəkilərində çıxış edən güləşçilərə ayrılmalıdır. Əsas kəmiyyət yox, keyfiyyətdir. İntizama riayət etməyən, qaydaları pozan güləşçiləri komandadan uzaqlaşdırın. Onların yerinə gənclərdən, yeniyetmələrdən perspektiv vəd edən güləşçiləri yığmaya cəlb edin. Bu gün ölkədə əsas diqqət güləşə, federasiyamıza yönəlib. Ona görə də işinizə ciddi, məsuliyyətli yanaşın. Ağır və çətin ildə hamıya uğurlar arzulayıram”.

AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov bunları deyib: “Əvvəlcə hər birinizi Yeni il münasibətilə təbrik edir və bu ildə hamınıza uğurlar arzulayıram. Məsuliyyət hər birimizin boynundadır. Heç bir məşqçi həmkarının uğursuzluğuna sevinməməli, bunu arzulamamalıdır. Kollektiv bir ailə şəklində olmalıdır. Heç kim əvəzedilməz deyil. Hər məşqçi işinə görə cavab verməlidir. Dövlətin, birbaşa ölkə başçısı, cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hazırda maliyyə problemi yaşamırıq. Maaşlar vaxtında verilir. Qalır bu etimadı doğrultmaq. Güləşçilərimiz heç bir ölkənin idmançılarından geri qalmır. Sadəcə, onlarla doğru işləmək lazımdır”.

AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev də fikirlərini çatdırıb: “Güləşçilər məşqçilərdən icazəsiz harasa getməməlidir. Ehtiyac yaranarsa, idmançılarla fərdi işləyin, çatışmazlıqların, səhvlərin, müəyyən fəndlərin üzərində davamlı şəkildə çalışmaq lazımdır. İndi hər çəkidə cəmi 16 güləşçi Olimpiadada çıxış edəcək. Bütün dünyanın gözü Olimpiya Oyunlarında olacaq. Rioda 18 medal qazanmışıq. Tokioda da ən azı bu nəticəni təkrarlamağa çalışmalıyıq. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Olimpiya çempionluğuna real namizədlər üzərində daha çox işləmək lazımdır. Arzu edirəm ki, Olimpiadaya maksimum sayda lisenziya qazanaq”.

Sonda rəhbər şəxslər dopinq məsələsinə də yer ayırıb. Qeyd olunub ki, ötən il ən çox cəzalananlar güləşçilər olub. Bu da bu sahə üzrə informasiya kasadlığından irəli gəlir. Vurğulanıb ki, güləşçilər hər hansı dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimiylə məsləhətləşməlidir. Bu baxımdan həkimlə idmançılar arasında sıx münasibət olmalı, yığmaların məşqçiləri prosesi ciddi nəzarət altında saxlamalıdır. Qəbul edilən qida və mayelərə ciddi fikir vermək vacibdir. Gigiyenik qaydalara da tam riayət edilməlidir. 

Müəllif: Natiq NƏSİROV