"Bizə kəmiyyət yox, keyfiyyət lazımdır": Ştuxlik

ESTAFET/ AFFA-nın Hakimlər Komitəsinin yeni sədri Fritz Ştuxlik assosiasiyanın saytına müsahibə verib. Avstriyalı mütəxəssis görülən işlər və planlar barədə danışıb.

- Təyinatınızdan sonra görüşlən işlərlə bağlı nə deyə bilərsiniz?
- Əvvəlcə müəyyən araşdırmalar aparmalı, daha sonra müəyyən dəyişikliklər etməli idim. Artıq təyinatları hakimlərə, hakim-inspektorlara və AFFA nümayəndələrinə elektron poçt vasitəsilə göndəririk. Hakim və hakim-inspektorların tədrisi üçün yerli çempionat oyunlarından hazırlanmış videomateriallardan istifadə etməklə həftəlik dərslər təşkil edirik. Həmçinin, özünüqiymətləndirmə üçün biz videotest hazırladıq və hər oyundan sonra həmin epizodları Premyer Liqa hakimlərinə və FİFA köməkçi-hakimlərə, beynəlxalq oyunlardan hazırlanmış videomaterialları isə düzgün qərar təsvirləri ilə birlikdə referilərə göndəririk. Hakim-inspektorlar raportlarını oyundan sonra bütün hakimlərə göndərirlər. Hakim və onun komandası ilə oyunu təhlil etmək üçün təkbətək fərdi görüşlər keçirdim. Hakim-inspektorlarla düzgün qiymətləndirmə də daxil olmaqla UEFA-nın müşahidə sistemini tətbiq etməklə işləyirik. Bakı Olimpiya Stadionunda hakimlərdən 3 dəfə test götürdük. Bunun davamı olaraq onlar həftədə 3 dəfə fiziki hazırlıq məşqçisinin rəhbərliyi altında məşqlər keçirlər. İşə başladığım müddətdə Premyer Liqa klublarının rəhbərləri və baş məşqçiləri ilə də görüşmək imkanım olub.

- Qış fasiləsinədək müşahidə etdiyiniz səhvlər əsasən nədən qaynaqlanır?
- Oyun qaydalarının düzgün tətbiqi ilə bağlı müəyyən axsamalarımız var. Adı oyunun protokolunda olmayan futbolçunun meydana çıxmasına da imkan verilməməlidir. Əlbəttə, “əsas səhvlər” qırmızı vərəqə və ya penalti kimi oyunun nəticəsinə təsir edəcək yanlış qərarlardır ki, burada da insan faktorunu unutmaq olmaz. Bu cür səhvlərlə hətta Avropanın ən yüksək yarışlarında da qarşılaşırıq. Sadəcə, ilk gündən bildirmişəm ki, hakimin qərarları hər zaman eyni olmalıdır. Yəni nə baş verirsə, ona hər zaman eyni reaksiyanı göstərmək lazımdır. Hər kəs bilsə ki, hakimin fitindən sonra topa zərbə endirən, oyunun bərpasını ləngidən futbolçuya sarı, hətta ikinci sarı – qırmızı vərəqə göstəriləcək, buna heç kim təəccüblənməz.

- Ümumiyyətlə, azərbaycanlı hakimlərin əsas çatışmazlığı nələrdir?
- İlk növbədə hər kəs – komandalar, azarkeşlər və iş başında olan digər rəsmilər üçün stadionda yaxşı atmosferin yaradılması vacibdir. Əlbəttə, yerli və beynəlxalq qarşılaşmalardakı azarkeş sayını müqayisə etsək, hakimlərimizin birdən-birə 40 min azarkeş qarşısına çıxıb oyun idarə etməsi çətin olur.

- Hazırda keçirilən təlim-məşq toplanışında əsas nələrə diqqət yetirilir?
- Hər gün fiziki hazırlıq üzrə iki məşq və bir o qədər də nəzəri məşğələ keçəcəyik. Bu bizə “Oyun qadları”nı düzgün şəkildə hakimlərə çatdırmağa imkan verəcək. Çox şadam ki, UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras da bizim hazırlıq prosesində iştirak edir.

- Toplanışda hansısa yeniliklərin tətbiqi gözlənilirmi?
- Vassarasla birgə meydanda bəzi praktiki məşqlər təşkil edəcəyik. Həmin hazırlıq prosesində iştirak etmək üçün gənclərdən ibarət komanda dəvət olunacaq. Bu məşğələdən videoçəkiliş edib, sonra təhlil aparacağıq.

- Hakimlərin toplanış zamanı oyun idarə etməmələri oyun praktikasının azlığına səbəb olmayacaq?
- Əlbəttə, çox oyun idarə etdikcə püxtələşirsən. Lakin beyninizi “təmizləmək” üçün bəzən bir neçə həftə fasilə vermək lazım gəlir. Məsələn, Avstriyada da qış fasiləsi 10-11 həftə davam edir və həmin müddətdə sanki problemlərdən azad olursan, yeni güc toplayırsan və fəaliyyətə başlayırsan. Belə deyək də, əgər velosiped sürməyi bacarırsınızsa, bunu 6 aylıq və ya daha çox fasilədən sonra yenə bacaracaqsan.

- Premyer Liqa oyunlarına yeni hakimlər cəlb olunacaqmı?
- Payızda Premyer Liqa oyunlarına 2 referi - Səbuhi Bayramov və Alik Yunusovu cəlb etmişik. Fasilədən sonra isə 5 referi köməkçisinə təyinat verəcəyik.

- Bölgələrdə hakimlərin sayının artırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün nə kimi planlarınız var?
- Biz onlar üçün müvafiq təhsil almaq və məşq etmək üçün şərait yaratmalıyıq. Bununla bağlı müəyyən müzakirələr aparılır. Ancaq əmin olun ki, regionlarda yeni hakim nəslinin yetişdirilməsi üçün işlər görüləcək. Dekabrda biz Bakıda hakimliyə yeni başlayanlar üçün seminar təşkil etdik və şadam ki, 12 gənc referi sınaqlardan uğurla keçdi.

- Yeni texnologiyanın imkanlarından yararlanaraq yaxın gələcəkdə VAR, “Qol layn” sisteminin tətbiqini həyata keçirmək barədə düşünürsünümü?
- VAR gələcəyin sistemidir. Azərbaycanda bunu tətbiq etmək üçün maraqlı olan tərəf bu texnologiyanın vacibliyi və zərurəti ilə razılaşmalı, xərcləri üzərinə götürməlidir. Artıq bu məsələnin müzakirəsinə başlamışıq və yeni sistemi tətbiq edəcəyimiz vaxtı səbirsizliklə gözləyirik.

- Hakim-inspektorların və AFFA nümayəndələrinin seçimində komitə tərəfindən irəli sürülmüş tələblərə cavab vermək vacibdir. Bu, kadr azlığı yaratmayacaq?
- Bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Yaxşı təhsilli kiçik qrupla işləməyə üstünlük vermişik. Ehtiyac yaranarsa, onların sayını artıracağıq.

- Hakim-inspektorlar üçün seminar təşkil olunacaqmı?
- Demək olar, seminarlara başlamışıq. İlk görüşümüz dekabrın ortalarında oldu. Hakimlərin toplanışından sonrakı həftədə onlarla yenidən görüşəcəyik. Əlbəttə, hakim-inspektorların hakimlər qədər məlumata sahib olmaları vacibdir. Onu da qeyd edim ki, hər həftə hakim-inspektorlar üçün dərslər keçirilir və orda müxtəlif mövsularda müzakirələr aparılır.

- Hakimlərin qiymətləndirilməsi zamanı şişirtmələrə yol verilirdi. Bunun qarşısını necə alacaqsınız?
- Premyer Liqa oyunlarını televiziya vasitəsilə izləyərək hakim-inspektorlara “nəzarət” etmək asandır. Bundan başqa, I divizionun oyunlarının bizə təqdim edilməsini PFL-lə razılaşdırmışıq. Müzakirə olunacaq və ya mübahisəli epizod aşkarlanarsa, biz onu yenidən izləməsi üçün hakim-inspektorlara göndərəcəyik. Bəzən əyləşdiyiniz tribunadan uzaq məsafədəki epizod haqda düzgün qərar çıxarmaq çətin olur. Bu proses də UEFA-da olduğu kimi tənzimlənəcək.

- Futbolçuların oyun qaydaları və dəyişikliklər barədə maariflənməsi baxımından klublarla əməkdaşlıq ediləcəkmi?
- Artıq bu cür əməkdaşlığa başlamışıq. 90 dəqiqəlik təqdimat hazırlamışıq və orada videoroliklərdən də istifadə edirik. Həmin görüntülər həm məşqçilərə, həm futbolçulara, həm oyun rəsmilərinə, həm də hakim-inspektorlara göstərilir. Oyun qaydalarındakı son dəyişikliklər barədə məlumat verilir, oyunçulara göstərilən 30-dan çox videorolikdə hakimlərlə onlar arasında yaranmış gərginlik, eləcə də onları gözləyən cəzalar diqqətlərinə çatdırılır. Artıq Premyer Liqanın 4 klubu ilə bu cür görüşlərimiz olub. Futbolçular anlayır ki, yalnız hakimlər səhv etmirlər, bəzən özləri oyun qaydalarını zəif bildiklərinə görə epizodu düzgün qiymətləndirmirlər. Yeri gəlmişkən, əvvəllər baş məşqçilər və futbolçular səhvləri ancaq hakimin idarəçiliyində axtarırdılar. Ancaq bu yanaşmanın dəyişdiyini müşahidə edirəm. Artıq özlərinin və futbolçuların səhvlərini də qeyd etməyə başlayıblar. Ümumiyyətlə, bu cür görüşləri tez-tez keçirməklə oyunçuların, məşqçilərin, rəsmilərin və hakim-inspektorların oyun qaydaları ilə bağlı biliyinin artmasına kömək edəcəyimizə ümid edirik. Onlar oyun qaydalarını nə qədər yaxşı bilsələr, hətta meydandan kənarda belə qayda pozuntusuna görə cəzalana biləcəklərinə təəccüblənməyəcəklər. 

Müəllif: Natiq NƏSİROV