"Neftçi" və "Bursaspor" arasında əməkdaşlıq protokolu imzalandı

ESTAFET/ "Neftçi” ilə Türkiyənin "Bursaspor” klubu arasında əməkdaşlıq protokolu imzalanıb. İmzalanma mərasimində "Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Bursaspor”un prezidenti Ali Ay, vitse-prezident Cem Öztürk iştirak ediblər. Tədbirə "ağ-qaraların" Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev, həmçinin "Bursaspor”un İdarə Heyətinin üzvləri – Erkan Aydemir, Onur Özselek və Ömer Faruk Şahin də qatılıblar.

"Bursaspor”un prezidenti Ali Ay "Neftçi” rəhbərliyini salamlayaraq, bu əməkdaşlığın uğurlu olmasını arzulayıb: "Neftçi” Azərbaycanın köklü və titullu klubudur. Bunadək əməkdaşlıq protokolu ilə bağlı danışıqlar aparırdıq. Bu gün isə həmin protokolu bağlamaq üçün bir araya gəlmişik. "Neftçi” rəhbərliyi "Fənərbaxça” ilə Superliqa oyununda qonağımız oldu. Stadionumuzu, xüsusilə də "Goldsit 1963” tribunamızı çox bəyəndilər. Təkcə idman deyil, bir çox məsələlərdə də əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və seleksiya məsələlərində də fikir mübadiləsi aparıb, işlər görəcəyik. Bir-birimizə faydalı olacağıq”.

Sonra "Neftçi”nin prezidenti Kamran Quliyev "Bursaspor”un rəhbərliyinə və İdarə Heyətinin üzvlərinə təşəkkür edib: "Bizim üçün qürurverici andır. Belə bir klubda sizinlə əməkdaşlıq edəcəyimiz üçün şadıq. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük və ən köklü klubuyuq. Müstəqillik dönəmidə 8 dəfə çempionluq sevinci yaşamışıq. Dünən "Bursaspor”un oyununu izlədik. Möhtəşəm stadiona və azarkeşlərə maliksiz. Sizdən öyrənməli çox şey var. Əlaqələrimiz davam edəcək. Gələcəkdə də birlikdə işlər görəcəyik. Sizi Bakıda görmək istərdik”. 

Müəllif: Natiq NƏSİROV