Avropa çempionatının rəsmi açılış mərasimi

ESTAFET/ Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci Avropa çempionatının açılış mərasimi keçirildi. Qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirak edir.

Milli komandaların təntənəli marşı ilə başlayan rəsmi açılış mərasimində təşkilatçı ölkə, Danimarka Karate Federasiyasının prezidenti Tomas Bjurinq ölkəsində ilk dəfə karate üzrə böyük miqyaslı yarışın keçirildiyini diqqətə çatdıraraq, komandaların turnirin gedişatından məmnun qaldıqlarına ümid etdiyini bildirib.

Sonra çıxış edən Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) prezidenti Antonio Espinos yarış iştirakçılarını salamlayaraq, Olimpiadanın proqramına daxil olduqdan sonra bu döyüş idman növündə böyük kütləviliyə nail olunduğunu, yarışların keçirilməsi qaydaları, şərait və şərtlərdə böyük dəyişikliklər, irəliləyişlər və yeniliklərə nail olunduğunu söyləyib. O, dünyada ilbəil populyarlığının artıran karatenin ən sevilən idman nöclərindən biri olması üçün, bundan sonra da bir sıra işlərin planlaşdırıldığını bildirib.

Rəsmi açılış mərasiminin ardından çempionatın ikinci yarış gününün final görüşləri və mükafatlandırma mərasimi başlanıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırılmasında iştirak edib.  

Müəllif: Orxan NOVRUZOV