Kiyev turnirinə 1 qızıl, 1 bürünc medalla start

ESTAFET/ Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirə turniri start götürüb.

Yarışda ölkəmizi yunan-Roma güləşi üzrə yığmamızın üzvləri təmsil edir. İlk uğur Sənan Süleymanovdan (72 kq) gəlib. Bütün rəqiblərinə qalib gələn həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zamir Məhəmmədov (97 kq) isə bürünc medalı boynundan asıb.

Digər güləşçilərimizdən Sakit Quliyev (60 kq) finala yüksəlib. Onunla eyni çəkidə çıxış edən Murad Bazarovla Elman Muxtarov (67 kq) yarımfinalda büdrəyib. Onlar bürünc medal uğrunda mübarizə aparacaq. Orxan Eyvazov (67 kq) və Həsən Əliyev (77 kq) isə təsəlliverici görüşə çıxacaq. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

Qeyd edək ki, xatirə turnirində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyur. 

Müəllif: Natiq NƏSİROV