Orxan Səfərov məşqçi ilə olan problemə görə mundiala aparılmır
ESTAFET/ Cüdo üzrə Azərbaycan millisinin üzvü Orxan Səfərov dünya çempionatında iştirak edəcək heyətdə yer almayıb. Bu barədə 60 kq çəkidə mübarizə aparan 28 yaşlı idmançı şəxsi "Facebook" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, cüdoçunun heyətdə yer almaması baş məşqçi Ruslan Maşurenko ilə arasında olan problemə görədir: “Dünya çempionatına gedəcək milli komandanın heyəti məlum oldu. Və mən bu heyətdə yoxam. Federasiyamız mənə böyük dəstək olduğu halda, baş məşqçi ilə olan problemlərim heyətdən kənarda qalmağıma səbəb oldu. 60 kq çəkidə 3 nəfər arasında keçirilən yarışda iştirak etmədim. Düşündüm ki, mən yenidən baxılacaq bir idmançı deyiləm. 2 dünya və 3 Avropa çempionatının medalı bunun sübutudur. Halbuki o biri idmançıların heç birinin böyük medalı yoxdur. Bunu burada yazmağımın səbəbi də odur ki, hamı soruşur, maraqlanır və bir-bir cavab verməyə fürsətim olmur. Tokioda keçiriləcək dünya şempionatı mənsiz olacaq. Mənə azarkeşlik edən hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, dünya və Avropa çempionatlarının mükafatçısı olan Səfərov "Bakı-2015"də gümüş medalçısı, paytaxtınmızda keçirilən İslamiadanın qalibi olub.