""Canavar" olmaq inanılmazdı": Renat Dadaşov
ESTAFET/ "Hər bir futbolçu Premyer Liqada oynamağı arzulayır. Bura dünyanın ən güclü çempionatıdı. "Vulverhempton"un necə möhtəşəm mövsüm keçirdiyini də gördük. Düzdü, burda oynamaq, möhkmlənmək çətindi. Ancaq mən özümə güvənirəm. "Vulverhempton"la müqavilə bağladığım üçün çox xoşbəxtəm. Bu, gözəl klubdu və və "canavar" olmaq inanılmazdı". Bu sözləri Azərbaycan millisinin hücumçusu Renat Dadaşov deyib.
"Eştoril"dən "Vulverhempton"a transfer olunan 20 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə bağlayıb. Renat Premyer Liqa klubunun rəsmi saytına açıqlamasında həyəcanlı olduğunu söyləyib: "Menecerim "Vulverhempton"un məni istədiyini deyəndə soruşdum ki, zarafat edirsən? Təklifə cavab vermək çətin olmadı. İnanıram ki, gələn mövsüm bu komandaya daha güclü futbolçu kimi qoşulacam".
Gənc forvard Azərbaycan millisinin son rəsmi matçlarına dəvət olunmasını özü üçün xüsusi an hesab edir: "Azərbaycan millisinin son oyunları zamanı həm mən, həm də böyük qardaşım Rüfət yığmanın heyətində yer almışdıq. Onunla birlikdə olmaq mənim üçün ağılasığmazdı. Qardaşımla birlikdə ölkəmi təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi".
Qeyd edək ki, "Vulverhempton" Renat Dadaşovu 1 illik "Fakoş de Ferreyra"ya icarəyə verib.