İLK GÜNƏ 3 MEDAL - PARIS GRAND SLAM

ESTAFET/  Xəbər verdiyimiz kimi bu gün Fransanın paytaxtında Böyük Dəbilqə seriyasından olan turnir start götürüb. Mötəbər yarışın ilk günündə Paris tatamisinə 4 cüdoçumuz çıxıb.

 

60 kq - Orxan Səfərov

1/16 finaldan mübarizəyə qoşulan Orxanın ilk rəqibi Cənubi Koreya təmsilçisi İn Hyuk Çoy olub. Görüşü qələbə ilə başa vuran cüdoçumuz 1/8 finalda qazax Qusman Kırqızbayevə də heç bir şans verməyib. Növbəti mərhələdə fransız Visent Limar Orxana müqavimət göstərə bilməyib. Yarımfinala adlayan həmyerlimiz burada yapon Naohisa Tokata ilə bacarmayıb və turnirin bürünc medalı uğrunda Erik Takabatake (Braziliya) ilə münasibətlərə aydınlıq gətirib. Tatamini qələbə ilə tərk edən Orxan bürünc medal qazanmaqla ilin ilk ciddi sınağından üzüağ çıxmağı bacarıb.

 

66 kq - Nicat Şıxəlizadə

Nicatın da çıxışı uğurlu alınıb. Ardıcıl olaraq Çin və Belçika təmsilçilərini məğlub edən Nicat 1/4 finalda rus Anzaur Ardanova məğlub olub. Lakin bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılan Nicat öncə İsrail, ardınca isə Kanada cüdoçularını məğlub edərək komandamızın aktivinə daha bir bürünc medal əlavə edib.

 

73 kq - Rüstəm Orucov və Hidayət Heydərov

Bu çəkidə Azərbaycan iki cüdoçu ilə təmsil olunurdu. Təmsilçilərimizdən biri - Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov yarışa uğurlu start verdi. Belə ki, o ardıcıl olaraq Qazaxıstan, Portuqaliya və Çindən olan rəqiblərini məğlub edərək adını yarımfinala yazdırıb. Lakin burada o, Cənubi Koreyadan olan rəqibi Çanqrim Ana qızıl xalla məğlub olub və bürünc üçün tatamiyə çıxıb. Bürünc medal üçün isə Rüstəm digər təmsilçimiz Hidayət Heydərovla görüşüb. Burada da qızıl xalla məğlub olan Rüstəm turniri 5-ci pillədə başa vurub, Hidayət isə yığmamıza yarışların ilk günündə 3-cü bürünc medalı qazandırıb.

 

Bunadək isə Hidayət 1/16 finalda Kvok Vinq Lini (Honkonq), 1/8 finalda Vəli Kurjevi (Rusiya) mübarizədən kənarlaşdıraraq 1/4 finala adlamışdı. Burada o yapon Soiçi Haşimotoya məğlub olduqdan sonra, təsəlliverici görüşə çıxmalı olub. Gənc cüdoçumuz fransız Luis Korvalla görüşdən qalib ayrılaraq kiçik Azərbaycan finalına çıxmışdı.