Badmintonçularımız "Bulgarian International Championship" turnirində iştirak edib

ESTAFET/ Badmintonçularımız Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın Sofiya şəhərində keçirilən "Future" seriyalı "Bulgarian International Championship 2019" turnirində çıxış edib.

Səbuhi Hüseynov kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində ilk görüşünü Yunanıstan təmsilçisi Axilleas Tsartsidisə qarşı keçirib. 3 set davam edən qarşılaşmada Səbuhi rəqibinə 2:1 (18-21,21-16,21-11) hesabı ilə qalib gəlib. Hüseynov növbəti mərhələdə İtaliya idmançısı Covanni Totiyə 0:2 (14-21,18-21) hesabı ilə uduzub.

Cahid Əlhəsənov kişi badmintonçuların şəxsi mübarizəsində ingiltərəli Loyd Skinnerə 0:2 (15-21,19-21) hesabı ilə məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında mübarizəyə 1/8 final mərhələsindən qatılan Cahid Əlhəsənov-Səbuhi Hüseynov tandemi bu mərhələdə Finlandiya təmsilçiləri Paul Yesper-Anton Monberq cütünə 0:2 (10-21,15-21) hesabı ilə uduzub.

Müəllif: Bəhruz MƏMMƏDOV