Formula 1 Azərbaycan Qran Prisi 2020-nin biletləri satışda

ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti növbəti Azərbaycan Qran Prisi haqda açıqlama verib. Açıqlamada bildirilir ki, 2020-ci ildə 5-ci dəfə baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinin biletləri oktyabrın 22-də şirkətin rəsmi vebsaytında (www.bakucitycircuit.com) və iTicket kassalarında satışa çıxarılıb. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində 5-ci dəfə keçiriləcək Formula 1 yarışı gələn il 5-7 iyun tarixində baş tutacaq.

Yarışın keçirilməsinin beşilliyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20 % endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. BŞH avtoidman azarkeşlərini Formula 1 Azərbaycan Qran Prisi 2020-yə tezliklə bilet alaraq mövcud endirim fürsətindən yararlanmağa çağırır.

İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 4 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Bu bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Formula 1 Dünya Çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanını təqdim edir.

Müəllif: Natiq NƏSİROV