Zərifə Hüseynova "European Cadet Circuit" yarışında gümüş medal qazandı

ESTAFET/ Qılıncoynadanımız Zərifə Hüseynova Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən “European Cadet Circuit” turnirində 14 yaşadək yeniyetmə sablyaçı qızların şəxsi yarışında gümüş medal qazanıb.

 Qrup mərhələsində bütün rəqiblərini məğlub edən Zərifə 6 qələbə ilə birbaşa 1/32 finala vəsiqə qazanıb. Bu mərhələdə Bolqarıstan təmsilçisi Maya Antonovanı 15:2 hesabı ilə məğlub edən Zərifə növbəti mərhələdə Türkiyə idmançısı Ayşe Naz üzərində 15:6 hesablı qələbə qazanıb. 1/8-də digər türkiyəli sablyaçı Nehir Yıldırıma 15:2 hesabı ilə qalib gələn Zərifə 1/4 finalda Yunanıstan təmsilçisi Danai Pigi ilə görüşü 15:4 hesablı qalibiyyətlə başa vurub.Yarımfinalda bolqarıstanlı Kalina Atanasova ilə görüşü 15:11 hesabı ilə irəlidə bitirən Zərifə Hüseynova gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında Macarıstan idmançısı Emese Domonkosa 12:15 hesabı ilə uduzub.Turniri ikinci sırada başa vuran Zərifə Hüseynova gümüş medala layiq görülməklə yanaşı diplom və hədiyyə ilə mükafatlandırılıb.Sablyaçımızın məşqçisi Cahangir Səfərov da xatirə medalına layiq görülüb.

Müəllif: Natiq NƏSİROV