“BÖYÜK DƏBİLQƏ” DÜNYA SERİYASI – PARIS GRAND SLAM
ESTAFET/ 17-18 oktyabr tarixlərində Cüdo üzrə “Böyük Dəbilqə” Dünya seriyasının 3-cü mərhələsi olan Paris turniri keçirildi. Parisin yeni təmirdən çıxan “Bersi” idman zalında keçirilən superturnir cüdo həvəskarları üçün həmişəki kimi maraqlı və gərgin mübarizəsi ilə yadda qaldı. Azərbaycan bu yarışda 11 cüdoçu (10 kişi və 1 qadın) ilə mübarizə aparırdı. İlqar Mişkiyev (60kq), Tərlan Kərimov və Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Abdulhaq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev və Ramin Qurbanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), Aişə Qurbanlıdan (48 kq) ibarət komandamız yalnız 1 medalla kifayətləndi. Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ardıcıl olaraq Ukrayna, Türkiyə, Almaniya və Çin cüdoçularını məğlub edərək finala vəsiqə qazandı. Burada isə o, yapon cüdoçuya məğlub olaraq turniri gümüş medalla başa vurdu. Təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) isə fəxri kürsünün bir addımlığında büdrəyərək 5-ciliklə kifayətləndilər.
Qeyd edək ki, cüdoçular Olimpiya Oyunlarına lisenziyanı qazandıqları xallar hesabına əldə edirlər. Rüstəm gümüş medalla birlikdə 300 lisenziya xalı əldə edərək Dünya reytinqində inamla liderliyini davam etdirir.