Neda Rezai və Vüqar Kərimov Tbilisidə beynəlxalq seminarda iştirak edib

ESTAFET/ 25-29 Mart tarixlərində Bakıda böyüklərin 55-ci Avropa çempionatına hazırlıqla əlaqədar Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun təsdiq etdiyi iş planına əsasən kata milli komandasının üzvü Neda Rezai beynəlxalq seminarda iştirak edib.

 31 yanvar - 1 fevral tarixlərində Tbilisidə seminarı Kanada Şito-Ryu Karate Federasiyasının prezidenti, PanAmerikan Şito-Ryu Federasiyasının Baş katibi, 8-ci dan Allen Tanzadeh keçirib. 

Kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı məsul yarışa hazırlaşan N.Rezai seminarda Şito-Ryu stilinin incəliklərinə yiyələnməklə, əvvəlki turnirlərdə çıxışlarını A.Tanzadehlə birgə təhlil edib. Şito-Ryu stili üzrə bir çox kitabların müəllifi Allen Tanzadeh seminardan sonra Vüqar Kərimova kitablarından birini hədiyyə edib. Beynəlxalq seminarın sonunda 4 ölkədən 100-dək iştirakçıya sertifikatlar təqdim olunub. 

Kata milli komandası Avropa çempionatına hazırlığın növbəti mərhələsini 22-23 fevral tarixlərində "Berlin Open" beynəlxalq turnirində, son hazırlıqları isə 10-25 mart aralığında Bakıda keçirəcəklər. 

Müəllif: Məsim MƏSİMZADƏ