ŞAHMAT ÜZRƏ KLUBLARARASI AVROPA ÇEMPİONATINA UĞURLU START

ESTAFET/ Bugündən etibarən Makedoniyanın Skopye şəhərində şahmat üzrə kişi və qadınlardan ibarət klublararası Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycan kişilərdən ibarət iki komanda ilə təmsil olunur – “SOCAR Azərbaycan” və “Odlar Yurdu”. “SOCAR Azərbaycan” son illərdə olduğu kimi heyətinə görə reytinq-favoritdir və Skopyedə titulunu qorumağa çalışacaq. Heyətində Şəhriyar Məmmədyarov (2745, Azərbaycan), Teymur Rəcəbov (2738, Azərbaycan), Rauf Məmmədov (2655, Azərbaycan), Eltac Səfərli (2649, Azərbaycan), Veselin Topalov (2816, Bolqarıstan), Fabiano Karuana (2797, ABŞ), Aniş Giri (2791, Hollandiya) və Maykl Adams (2740, İngiltərə) kimi dünyanın məşhur şahmatçıları olan “SOCAR Azərbaycan” son Avropa çempionudur. Digər komandamız “Odlar Yurdu” isə əsasən yerli və gənc şahmatçılardan təşkil edilib. Heyətinə görə çempionatın 8-ci komandası olan “Odlar Yurdu”nda Vasif Durarbəyli (2630, Azərbaycan), Qədir Hüseynov (2616, Azərbaycan), Nicat Məmmədov (2597, Azərbaycan), Ülvi Bacarani (2515, Azərbaycan), Nicat Abbasov (2510, Azərbaycan), Vüqar Rəsulov (2504, Azərbaycan), Zaur Məmmədov (2482, Azərbaycan) və Emil Sutovski (2619, İsrail) çıxış edir.

Çempionatın ilk günü hər iki komandamız üçün uğurlu keçdi. Birinci turda “SOCAR Azərbaycan” Finlandiyanın “Tammer-Shakki” komandasını 5.5-0.5 hesabı ilə, “Odlar Yurdu” isə İngiltərənin “White Rose” komandasını 4-2 hesabı ilə məğlub etdi.
Çempionat 7 turdan ibarətdir və oktyabrın 24-dək davam edəcək.

“SOCAR Azərbaycan” – “Tammer Shakki” 5.5-0.5

Veselin Topalov – Mika Karttunen 1-0
Aniş Giri – Henri Pohjala 1-0
Maykl Adams – Veijo Maki 1-0
Şəhriyar Məmmədyarov – Pekka Koykka 1-0
Rauf Məmmədov – Jani Ahvenjarvi 0.5-0.5
Eltac Səfərli – Henri Torkkola 1-0

“Odlar Yurdu” – “White Rose” 4-2
Ülvi Bacarani – Peret Uells 1-0
Vüqar Rəsulov – James Adair 0-1
Nicat Abbasov – Jan Uillem 1-0
Qədir Hüseynov –Paul Taunsend 1-0
Nicat Məmmədov – Stephen Barrett 0-1
Zaur Məmmədov – Kieran O’driscoll 1-0