Karateçilər Budapeştdə "Azərbaycan Evi"-nin qonağı olublar
ESTAFET/ Yeniyetmə və gənclərin Macarıstanda keçirilən növbəti Avropa çempionatında yüksək nəticə əldə edən Azərbaycan karateçiləri Budapeştdə ötən ilin sonunda açılmış “Azərbaycan evi”-nin qonağı olublar. Qeyd edək ki, “Azərbaycan evi” Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyilə yaradılaraq soydaşlarımızın istifadəsinə verilib.
Görüşdə qitə çempionatının mükafatçıları, Federasiya rəsmiləri, həmçinin məşqçi və hakimlər iştirak ediblər. „Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli “Azərbaycan evi”-nin ilk qonaqları olan milli karateçiləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, yeniyetmə və gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Anar Allahverdiyev, Avropa çempionu Fərid Ağayev və qitə ikincisi Ayla Rzazadə çıxış edərək diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycanın Macarıstandakı səfirliyinə və bu görüşün təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Azərbaycan karateçiləri Macarıstanda yeniyetmə və gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.