Ən azı 7 klubda qol vuran 12-ci futbolçu

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub. Qış fasiləsində “Səbail”ə keçən hücumçu “Qəbələ” ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.

Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də bunu bacarıb.
“Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

Müəllif: Estafet.az