"BAKIYA QAYITMAĞI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM" - KULTHARD

ESTAFET/ Məşhur britaniyalı sabiq "Formula-1" pilotu, hazırda şərhçi kimi fəaliyyət göstərən Devid Kulthard iyunun 23-25-də Azərbaycan Qran Prisinin keçiriləcəyi trass ilə tanış olub və təşkilatçıların gördüyü işlərdən razılığını bildirib.


"Bu il Qran Prinin ötənilkindən də maraqlı keçəcəyinə əminəm. Bolidlərin ölçüləri böyüyüb, trasın dar hissələrini keçmək indi pilotlara daha çətin olacaq. Yayda yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm", - deyə D.Kulthard vurğulayıb.


Bu il üçün gözləntilərindən danışan D.Kulthard "Ferrari " və "Mersedes" komandalarının yeni mövsümə yaxşı hazırlaşdığını deyib: "Təəssüf ki, keçmiş komandam "Maklaren" üçün bu mövsüm də yəqin acınacaqlı olacaq. "Red Bull" komandasını da hesabdan silmək olmaz".


Azərbaycan Qran Prisinin səfiri təyin olunması barədə danışan D.Kulthard hər dəfə Bakıda olan zaman qonaqpərvərlik və şəhərin gözəlliyi ilə rastlaşdığını bildirib: "Niyə görə də bunu təşviq etməyim?!"


Xatırladaq ki, keçən il Azərbaycan Qran Prisinin səfiri ispan pilot Fernando Alonso olub. 

 

Mənbə: Report