"Şansım olsa sabah qayıdaram": Dodo

ESTAFET/ "Xəyalım Azərbaycana qayıtmaqdır. Belə bir şansım olsa, bunu günü sabah edərəm". Bunu "Liepaya"nın yarımmüdafiəçisi Luis Paulo Hilario Dodo deyib.
"Qəbələ"nin sabiq kapitanı mövsümün sonunda sevimli komandasına dönmə ehtimalını dəyərləndirib. Dodo hələ ötən il buna yaxın olduğunu, lakin son anda "Qəbələ"yə dönüşünün baş tutmadığını söyləyib: "Düzdür, keçən il klub rəsmisi Zaur Əzizovla danışığım olmuşdu. Onlar qayıtmağımı istəyirdilər və buna razılıq vermişdim. Braziliyaya yollandım, müqaviləni göndərmələrini gözlədim. Belə bir addım atmadıqları üçün Latviyaya qayıtdım".
33 yaşlı braziliyalı hücumameyilli oyunçu Premyer Liqa klublarının maddi durumlarının əvvəlki səviyyədə olmadığını bildiyini və az maaş qarşılığında "Qəbələ"yə qayıtmağa hazır olduğunu söyləyib: "Oradakı situasiyadan xəbərdaram. Bu durumu qəbul etmişəm. Mən razılığımı çoxdan vermişəm, onlar istəsələr, qayıdaram. Çünki Azərbaycan mənim ikinci vətənimdir. "Qəbələ"ni çox sevirəm, karyeramı da bu komandada bitirməyim əla olar".
Qeyd edək ki, Dodo 2011-2016-cı illərdə "Qəbələ"nin formasını geyinib. (apasport.az)
