İLK MEDAL FİZAM MEHTİYEVDƏN GƏLDİ
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiya şəhərində 21-yaşadək taekvondoçular arasında Avropa birinciliyi davam edir. Yarışın birinci günü iki idmançımız dayanq üzərinə çıxıb. Komandamıza ilk medalı Fizam Mehtiyev qazandırıb. 58 kq çəki dərəcəsində qitə birinciliyinə qatılan Fizam erməni taekvondoçu Albert Hovannisyanı böyük hesabla (23-3) məğlub edib. Növbəti mərhələdə yerli taekvondoçu Koloyan Binevi də (8-5) yarışdan kənarlaşdıran idmançımız Ukraynalı İqor Poyedynoka da (10-7) qalib gələrək yarımfinala adlayıb. Finala vəsiqə uğrunda Dmitri Naqaevlə (İsrail) gərgin keçən döyüşdə əsas vaxt bərabər bitib və yalnız qızıl xalla məğlub olan Fizam birinciliyin bürünc medalını qazanıb.
Digər idmançımız Paniz Esmaeilpour (46 kq) ilk döyüşündə İsrailli idmançı Abishaq Semberqlə əsas vaxtı bərabər başa vursa da döyüşü qızıl xalla əldən verib. Rəqib finala çıxa bilmədiyi üçün təmsilçimiz yarışı erkən başa vurub.
7 taekvondoçu ilə qatıldığımız Avropa birinciliyinə 9 aprel tarixində yekun vurulacaq.