Günay Qran-Prini xalsız başa vurdu

ESTAFET/ Qadınlar arasında onlayn sürətli şahmat üzrə dünya çempionatı Qran-Prinin üçüncü mərhələsi start götürüb. Yarışın iştirakçıları ilk oyun günündə 1/8 final mərhələsində qüvvəsini sınayıb.

Azərbaycan təmsilçisi Günay Məmmədzadə çinli dünya çempionu Ju Venjunla üz-üzə gəlib. 2,5:7,5 hesabı ilə uduzan şahmatçımız mübarizəni dayandırıb.

Bununla da Günay 4 mərhələdən ibarət olan Qran-Pridə çıxışını yekunlaşdırıb. Hər şahmatçı 4 turnirdən üçündə qüvvəsini sınayır ki, Məmmədzadə sonuncu mərhələni buraxacaq. Qatıldığı hər üç turnirə 1/8 finalda vida edən zəka sahibi ümumi hesabda xal qazana bilməyib.

Qeyd edək ki, Günay I mərhələdə rusiyalı Aleksandra Kostenyuka 0:11, II mərhələdə sabiq dünya çempionu çinli Yifen Houya 4,5:5,5 hesabı ilə uduzub.

Müəllif: Natiq NƏSİROV