Dopinq nəticələri idmançımızı bir pillə irəli saldı

ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika üzrə dünya çempionu Mete Binayla bağlı qərarını açıqlayıb. Antidopinq qaydalarını pozan türkiyəli atletin London-2012 Yay Olimpiya Oyunlarındakı nəticələri ləğv edilib.

69 kq çəki dərəcəsində çıxış edən idmançı Böyük Britaniya paytaxtında 6-cı yeri tutub. Onun orqanizmində stenazalol aşkarlanıb. Nəticəsi ləğv olunan idmançıya təqdim olunan diplomun geri qaytarılması barədə Türkiyə Olimpiya Komitəsinə müraciət ünvanlanıb. BOK Binayla bağlı gələcək qərarları verməyi Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) həvalə edib.

Türkiyəlinin nəticəsinin ləğvi London-2012-də bu çəkidə çıxış etmiş Azərbaycan idmançısı Sərdar Həsənovun da göstəricisinə təsir edib. Olimpiadada 8-ci yeri tutan atletimiz 7-ci yerə yüksəlib.

Qeyd edək ki, Binay 2010-cu ildə dünya və Avropa çempionu adını qazanıb. 

Müəllif: Natiq NƏSİROV