Azərbaycan Ukraynaya uduzdu

ESTAFET/ Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında keçirilən onlayn rapid və blits üzrə yoldaşlıq görüşü başa çatıb. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yığmamız Ukrayna şahmatçıları ilə yarışların ilk iki günündə rapid, sonuncu günündə blits yarışlarında mübarizə aparıb.

Rapid növündə təmsilçilərimiz Ukrayna şahmatçılarına 49:51 hesabıyla uduzublar. İki növün yekununda isə rəqib 108:92 hesabı ilə qalib adını qazanıb. Rapid yarışlarında şahmatçılarımızdan ən yüksək nəticəni Günay Məmmədzadə göstərib - 8 xal. Gülnar Məmmədova 7 xal toplayıb. Blits turnirində isə ən yaxşı nəticə Xanım Balacayevaya məxsus olub - 7 xal. Gülnar Məmmədova aktivinə 6,5 xal yazdıra bilib.
 
Yarışın ümumi mükafat fondu 6000 avro təşkil edib. Qalib komanda 3600 avro qazanıb.

Qeyd edək ki, komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva mübarizə aparıblar.

Müəllif: Natiq NƏSİROV