XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT ASTARADA

ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Astaranın qonağı oldu. İlk olaraq Azərbaycanın seçilən bölgələrindən biri Astaranın Ərçivan kəndində yerləşən məşhur Yanar Bulaq ətrafında tədbir keçirildi. Yanar Bulaq iki elementi – od və suyu özündə birləşdirir. Bulaqdan qaynayan qeyri-adi suyun tərkibində çoxlu metan var. Bu səbəbdən odu ona yaxınlaşdırdıqda suyun üzərində alov görünür. Yerli sakinlər söyləyirlər ki, suyun müalicəvi keyfiyyətləri var və buna görə də respublikanın hər yerindən adamlar bu bulağın suyundan müalicə məqsədi ilə içmək üçün gəlir.

 

Su mərasimi, şahmat və riyazi biliklər həvəskarı Mirrahil Ağayev, sərbəst güləş üzrə Dünya Çempionatının bürünc medal mükafatçısı Əliabbas Rzazadə və sərbəst güləş üzrə Azərbaycan Respublikasının əməkdar idman ustası Məhərrəm Ağayev tərəfindən bulaqdan səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

 

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Astara Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqə iştirakçılara əyləncəli və unudulmaz anlar yaşatdı.

 

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 11 aprel tarixində Şirvan rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.