“Peşəkarlaşmağa ehtiyacımız var”: Aftandil Hacıyev
ESTAFET/ “Uzun müddətdən sonra yenidən çempionatımızın bərpa olunması hamımızı sevindirdi. Hamı futbol üçün darıxmışdı”. Bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” ilə səfərdə keçirilən oyun haqda danışarkən deyib.
“Bakcell Arena”da baş tutan matç qonaqların 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Oyunsonrası mətbuat konfransında Hacıyevin yenilgi şərhi belə olub: “Hər iki komandanın texniki zonasında gözəl ajiotaj var idi. Oyuna gəldikdə, favorit “Neftçi” idi. İlk hissədə oyuna yaxşı qoşula bilmədik. Amma ikinci hissədə daha aktiv idik və hücumda çoxalırdıq. Bir neçə qol epizodu yaratdıq. Amma bunlar yetmədi, bu gün məğlub olduq. Dediyim səbəblər nəticənin “Neftçi”nin xeyrinə olmasına gətirib çıxardı. Növbəti tura vaxtımız var. Heyəti gücləndirməliyik, çatışmazlıqlar var. Komandada oyunçu qıtlığı var. Bunu qısa müddətdə aradan qaldırmaq mümkünsüz idi. Tam hazır olmasaq da, meydanda mübarizə apardıq. Ən azı, meydanda asan məğlub olmayan “Səbail” var idi”.
- Rauf Əliyevin ehtiyatda qalmasının səbəbi nə idi?
- Raufun xroniki zədəsi var idi. Bir həftəyə yaxın məşqi buraxdı. Hələ də tam sağalmayıb. Meydana buraxanda risk etdik, təhlükəli idi. Amma meydanda ona ehtiyacımız var idi.
- Ruslan Hacıyevin rəqibin qolundakı səhvi daha çox diqqətinizi çəkdi, yoxsa vurduğunuz qol zamanı ötürməsi?
- Buraxdığımız hər iki qol diqqətsizliyimizdən irəli gəldi, boşluqlar buraxdıq. Amma bu o demək deyil ki, “Neftçi” meydanda istədiyini edə bilmirdi. Səviyyəli futbolçuları var. Ruslan komandaya yeni qoşulub. Növbəti oyunda əsas heyətdə görə bilərik.
- Düşünmürsüz ki, hesab 2:0 olandan sonra rəqib sizə oynamaq imkanı verdi?
- İkinci hissədə “Neftçi”nin dayandığını düşünmürəm. Bizim üçün qol epizodu yaratmaq çətin idi. Sadəcə, ikinci hissədə daha aktiv olduq. Hücumameyilli futbolçuları meydana buraxdıq, irəlidə çoxalmağa başladıq. Geniş seçimimiz yoxdur. Çalışdıq qarışıq heyət meydanda görək. Məncə, pis alınmadı. “Neftçi”yə qarşı ilk oyunda səfərdə qarşılaşmaq gənclərə təsirsiz ötüşmədi. Xal qazansaydıq, daha yaxşı olardı. İnanıram ki, növbəti oyunlarda bunu bacaracağıq.
- Bu mövsüm üçün hədəf nədir?
- Hədəf hər zaman olmalıdır. Mənim qarşıma hansısa hədəf qoyulmaya bilər. Hər bir məşqçinin qarşısında məqsədi olmalıdır. Hədəfsiz idman mümkün deyil. Meydana çıxırsansa, qalib gəlmək, xal qazanmaq istəyirsən. Bizim də istəyimiz yüksək pillələrdə yer almaqdır. Ancaq reallığı da nəzərə almalıyıq. İnanıram ki, klubun vəziyyətini daha yaxşılaşdırıb, heyəti gücləndirib, mübarizə apara bilərik. Futbolçularımın da əməyini qabartmaq istəyirəm. Klub kimi peşəkarlaşmağa ehtiyacımız var. Bu yöndə daha çox çalışmalıyıq.
- Əvəzedici heyətin olmamağı o deməkdir ki, gənclərə daha çox şans verəcəksiniz?
- Əvəzedici komandaların azalması yaxşı hal deyil. Amma bəzən məcburiyyətdən klublar bu addıma əl atırlar. Bu gün “Qəbələ” kimi akademiyası olan klubun əvəzedici heyəti saxlaya bilməməsi üzücüdür. “Səbail”in də saxlaya bilməməsi həmin səbəblərdəndir. Əsas komandanın problemləri vaxtında həll etməməsi bu addıma vadar edir. İnanıram ki, gələcəkdə bunların hamısı bərpa olunar. Bəzən eşidirəm ki, “Səbail”in Premyer Liqada oynamaması haqda fikirlər səslənir. Klubların sayının artması daha yaxşı olar. Bunu üçün də klubların şəraiti yaxşılaşmalıdır.