"Kimin oynayıb-oynamaması məni maraqlandırmır": de Byazi

ESTAFET/ “Uzun müddət futboldan kənarda olsam da, bu sarıdan problem yoxdur”. Bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Lüksemburqla keçiriləcək ilk oyun haqda danışarkən deyib.

Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında birinci dəfə yerli media önünə çıxan italiyalı mütəxəssis bu fikirləri səsləndirib: “Çoxdan futbolsuz olmağıma baxmayaraq, dönən kimi, bütün gücümlə çalışmağa başlamışam. Futbol üçün çox darıxıram. Azərbaycan millisi mənim üçün yeni çağırış, stimuldur. Dekabrda A seriyasının bir klubunun təklifini rədd etdim. Azərbaycan yığması variantı daha maraqlı oldu. Burada yeni nailiyyətə imza atmaq istəyirəm. Futbolçular da futbolsuz qalanda onlarda problem yaranır. Əminəm ki, siz də darıxmısınız. Arzu edirəm ki, bu qəribə vəziyyət tezliklə bitəcək”.

- Hələ rəsmi müqavilə imzalamazdan əvvəl qeyd etmişdiniz ki, Azərbaycan millisinin oyunlarını izləmisiniz. Artıq bir həftədir oyunçulara hazırlıq keçirsiniz. Gözlədiyiniz oyunçuları görə bildiniz?
- Deyə bilmərəm ki, birlikdə çox işləmişik. Bütün yığmalar kimi, normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişik, köməkçilərimlə gündə 18 saat işləmişik. Futbolçuları, mentaliteti, buranın insanlarını tanımağa çalışmışıq. Bu müddətdə 12 məşqimiz olub, bu gün də biri olacaq. Buna məşq demək mümkündürsə. Futbolçuları inandırmağa çalışmışıq və başa salmaq istəmişik ki, həyatda nəyəsə nail olmaq üçün çox cəhd etmək lazımdır.

- Lüksemburq yığması heç də pis təsir bağışlamır. Rəqibi sürpriz edə biləcək, yoxsa inkişafda olan komanda kimi dəyərləndirərdiniz? 

- Qrupda reytinqə görə 4-cü komandayıq. Lüksemburq yığması inkişaf edib. Amma bizim də yaxşı xüsusiyyətlərimiz var. Sabah uğurlu nəticə üçün çalışacağıq.

- Dəvət etdiyiniz oyunçular arasında klubsuz olan var. O, milliyə nə kimi kömək edə bilər?

- Bakıya 26 gün əvvəl gəlmişəm. Köməkçilərimlə artıq 2 aydan çoxdur ki, Azərbaycan millisinin bütün oyunçularını analiz edirik. Böyük skaut işi görmüşük. Kimin oynayıb-oynamaması məni maraqlandırmır. Mənə lazımdır ki, futbolçuların nəyə nail olmaq istədiklərini, istəklərini görə bilim.

- Maraqlıdır, Elvin Bədəlovu harada görüb bəyənmisiniz?

- "Sumqayıt" - "Keşlə" oyununda.

- Yığmada çalışan məşqçilər indiyə kimi özlərini ictimaiyyətə sevdirə bilməyiblər. Özünüzdən əvvəlki məşqçiləri, onların səhvlərini təhlil etmisiniz?

- Gəlməzdən əvvəl bütün oyunlara baxmışam. Özüm üçün bəzi ideyalarım var. Heyf ki, vaxtımız azdır. İlk növbədə sabahkı görüşdə nəticə önəmlidir. Yoldaşlıq görüşləri keçirmək istərdik. Amma situasiyaya görə mümkün olmadı. Yenə də sabahkı oyuna hazırıq.  İnsan özünü ancaq qələbə qazananda sevdirə bilər. Bunun üçün ilk növbədə güclü komanda yaratmalıyıq. O komanda ki, meydanda bir-birinə ürəyini verməyə, yoldaşına görə ölməyə hazırdır. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Baxmayaraq ki, rəqiblərlə müqayisədə reytinqdə 4-cüyük.

- Bir müddətdir milliyə məşq keçirsiniz. Konkret 3 məqamı çəkə bilərsinizmi ki, onları düzəltmək lazımdır?

- İlk növbədə mentaliteti. Detallara çox girmirəm, amma taktiki baxımdan irəliləyiş olmalıdır. Həmçinin həyatda bir şeyi başa düşmək lazımdır ki, çalışsan, istədiyinə nail ola biləcəksən.

- Azərbaycanlı futbolçunun ən böyük çatışmazlığı bir həftədə 2 oyun keçirə bilməməsidir. İdeyalarınıza bu problemin düzəlməsi daxildir?

- UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsin (gülür). Təbii ki, zarafat edirəm. Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Mənə görə əsas problem mentalitetlə bağlıdır. Bütün dünya bu formatla oynayır. Bu üzdən problem bizdədir, biz dəyişməliyik. Qarşıya böyük məqsəd qoysaq, bunu bacaracağıq. Amma bir vacib məqamı nəzərə almalıyıq. İlk oyunda qələbə qazansaq, psixoloji baxımdan özümüzə gəlməyə daha tez vaxtımız olar. (apasport.az)

Müəllif: Estafet.az