GƏNC CÜDOÇULARIN AVROPA SINAĞI

Bu gün Slovakiyanın Bratislava şəhərində cüdo üzrə gənclər arasında (U23) Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycan 10 idmançı (8 oğlan, 2 qız) təmsil olunur. Yarışların ilk günündə cüdoçularımızdan Davud Məmmədov, Rüfət Tağızadə (hər ikisi 60 kq), Rəşad Rufullayev, Telman Vəliyev (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Səkinə Zayirova (57 kq) tatami üzərinə çıxdılar.

60 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov ardıcıl Kipr, Rusiya və İtaliyadan olan rəqiblərini məğlub edərək adını yarımfinala yazdırdı. Burada o Bolqarıstan təmsilçisini də məğlub edərək finala vəsiqə qazandı. Bu çəkidəki digər təmsilçimiz Rüfət Tağızadə ilk görüşdə Ruminya cüdoçusunu məğlub etsə də, növbəti görüşdə Hollandiya cüdoçusu ilə mübarizədən məğlub ayrılaraq medal şansını itirdi.

66 kq çəki dərəcəsindəki təmsilçilərimizdən Telman Vəliyev də yarışa uğurlu başladı. Telman Litva, Avstriya və İtaliya cüdoçularına şans tanımayaraq yarımfinala çıxdı. Burada isə o Belarus cüdoçusu ilə mübarizədən məğlub ayrıldı. Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Rəşad Rufullayev ardıcıl olaraq, İspaniya və Polşa idmançılarını məğlub etdikdən sonra rusiyalı idmançıya məğlub olmaqla qızıl şansını itirdi. Bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılan idmançımız ilk olaraq slovakiyalı cüdoçunu məğlub etdi. Bürünc uğrunda görüşdə cüdoçularımız bir-birilə qarşılaşacaq.

Qızlar arasında olan hər iki təmsilçimiz yarışa uğurlu başlasalar da, davamını gətirə bilmədilər. 57 kq-da Səkinə Zayirova ilk görüşdə slovak rəqibinə qalib gəlsədə ardınca sloveniyalı rəqibinə məğlub olaraq medal şansını itirdi. 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva ilk görüşdə ispan rəqibini məğlub etdi. Növbəti görüşdə rumin cüdoçuya məğlub olan Leyla təsəlliverici görüşlərdə ilk olaraq Hollandiya cüdoçusunu məğlub etdi. Bürünc medal üçün isə ispan cüduçu ilə qarşılaşacaq.