İsveçrə - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşdi

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan oyununun yeri müəyyənləşib.

2-ci qrupda mübarizə aparan yığmamızın son matçı Tyun şəhərindəki “Tyun Arena”da baş tutacaq.

Öncədən martın 26-da keçirilməli olan, lakin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan görüş noyabrın 12-də baş tutacaq. 10 min tamaşaçı tutumuna malik stadiondakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, 7 oyunda 6 xal toplayan millimiz seçmə mərhələdəki son üç matçını səfərdə keçirəcək. İsveçrə ilə görüşdən öncə yığmamız oktyabrın 8-də Nitra şəhərindəki "Nitra" stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstanla qarşılaşacaq.

Müəllif: Məsim MƏSİMZADƏ