XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT ŞƏMKİRDƏ
ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu artıq Şəmkirə də çatdı. Bu əlamətdar günlə əlaqədar ilk olaraq Şəmkir su anbarı ətrafında tədbir keçirilib. Şəmkirçay Kürün qollarından biridir.
Su mərasimi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Şəmkir Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı ve gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu.
Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Şəmkir sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 23 aprel tarixində Mingəçevir şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.