Kolesnik və Manolovanın bürünc şansı

ESTAFET/ Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Azərbaycanın xalça üzərinə çıxan hər iki təmsilçisi ilk qarşılaşmada uduzsa da, medal şansını qoruyub. Buna güləşçilərimizin uduzduğu rəqiblərin finala yüksəlməyi səbəb olub.  

1/8 finalda Alyona Kolesnikə (57 kq) 4:2 hesabı ilə qalib gələn hindistanlı Anşu Anşu bütün rəqiblərini məğlub etməklə sabah keçiriləcək finala yüksəlib. Güləşçimiz isə təsəlliverici qarşılaşmada almaniyalı Laura Mertenslə üz-üzə gələcək. Alyona qalib gəlsə, bürünc uğrunda görüşdə rusiyalı Veronika Çumikova ilə qarşılaşacaq.

Elis Manolovanı (65 kq) 1/4 finalda üstələyən moldovalı İrina Rinqaçi də finala vəsiqə qazanıb. Elis bürünc medal uğrunda görüşdə türkiyəli Əsli Dəmiri sınağa çəkəcək.

Hər iki güləşçimiz dekabrın 16-da medal döyüşünü davam etdirəcək. 

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Tatyana Omelçenko (62 kq) çıxışını medalsız başa vurub. Yunan-Roma güləşçilərimizdən isə İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medala sahib olub.

Müəllif: Natiq NƏSİROV