DAĞÇILIQ VƏ NÖVLƏRİ
DAĞÇILIQ VƏ NÖVLƏRİ
Dağçılıq- Dağlarda gəzmək və düşərgə qurmaqla bərabər texniki vəsaitlərdən istifadə edərək dırmanma idmanını da əhatə edən bir təbiət idman növüdür. 18-19-cu əsrlərdə Avropalı (İngilis və Fransızlar başda olmaqla) varlı təbəqənin boş vaxtlarını qiymətləndirmək və stabil keçən həyatlarını yeni macəralarla bəzəmə nəticəsində bir idman növü sayılmağa başlayan dağçılıq, 20-ci əsrin əvvəllərində digər xalqların da maraq dairəsinə çevrilməyə başlamışdır. Beynəlxalq bir idman növünə çevrilməsi isə, 1931-ci ildə mərkəzi Cenevrədə olan Beynəlxalq Alpinistlər Birliyinin (UİAA) yaradılması ilə mümkün olmuşdur. Növbəti illərdə müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman budağı halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır.
Dağçılığın növləri:
§ Alp növü
§ Təbiət yürüşü (Hiking)
§ Düşərgə fəaliyyəti (Trekking)
§ Ekspedisiya
§ Ferrata
§ Qaya dırmanması
Alp növü - Alpinistlər üçün qayalar və buzlar üzərində, yüngüllüyün və sürətin ön plana çıxdığı eyni zamanda texniki dırmanma ehtiva edən alpinizmin əsas ruhunu təmsil edən dırmanma növüdür. Buna bir növ təbii dırmanma deyilir. Çünki bu vaxtı sən ancaq təbii üsullardan istifadə edirsən. Süni üsullardan tamamilə uzaq olan bu dırmanma növündə alpinistlər bütün çətinliklər və risklər qarşısında öz başlarının çarəsinə baxa bilməlidirlər. Dağçılığın Alp növü iradəli insanlar tələb edir. Çünki çox adam bu sahəylə məşğul ola bilər, amma bu o demək deyil ki, onların hamısı axıra kimi qalacaqdır. Hündür zirvələrə dırmanmaq üçün fiziki gücdən əlavə fərdin güclü iradəsi olmalıdır. Fiziki zəif, güclü iradəsi olan şəxs, fiziki güclü, iradəsi zəif olandan yaxşı dağçı ola bilər. Bu idman növü ilə əsasən, ruhunda macəra dolu şəxslər məşğul olmağa çalışar.
Təbiət yürüşü (Hiking) - Bu gün başlayıb, axşama kimi davam edən dağ yürüş növüdür. Bu yürüşlərdə insanlar çoxluq təşkil edir, yəni 10-15 nəfər qrup halında hər-hansı meşəni, ərazini görmək, təbiətin gözəlliyindən həzz almaq və ya həftə sonlarını daha maraqlı keçirtmək üçün təşkil edirlər. Burda düşərgə qurmaq, çadırda gecələmək söhbəti yoxdur. Səhər yürüş başlayırsa, maksimum axşamadək bitir.
Düşərgə fəaliyyəti (Trekking) - Düşərgə qurularaq və ya dağın müəyyən hündürlüyündə gecələmək üçün mövcud olan dağ yürüş növüdür. Burda artıq çadırlar qurulur və ya dağ düşərgələrində (tikilən balaca binalarda) gecələnir. Ən çox bu yürüşlər dağçılıq dərsləri üçün təşkil edilir. Dağçılıqda texniki dırmanmaları öyrənmək, mövcud ləvazimatlar haqqında məlumat əldə etmək, dağçılığın ilkin təməlləri ilə tanış olmaq istəyirsinizsə bu cür trekkinglərdən yararlanmaq olar. Bu trekkinglərdə professional dağçılar tərəfindən həyata keçirilir.
Ekspedisiya - Uzun müddətli, müəyyən səbəbləri özündə birləşdirən zirvə yürüşləri, kəşfiyyat xarakterli yürüşlər də buna daxildir. Adətən düşərgə şəraitində mövcud olur. Buna bir növ belə misal çəkmək olar ki, 2-3 nəfər professional dağçı deyək ki Elbrus zirvəsinə getmək üçün yeni bir marşrut tərtib etmək istəyirlər və ya yeni bir zirvə tapılır və oranın koordinatları, marşrut yolu tərtib olunur.
Ferrata - Bəlkə də çoxsunuz bu adla birinci dəfə rastlaşacaq. Via Ferrata İtalyanca "dəmirdən yol" mənasına gəlir. 1-ci Dünya müharibəsində Dolomitlərdə (bura İtaliya və Avstriya sərhədindəki bir bölgədir) İtaliya və Avstriya orduları bir-biri ilə döyüşmək üçün dik yamaclı dağlardan keçməli idilər. Bunun nəticəsində Via Ferratalar sırf hərbi məqsədlər üçün yaradılmışdı. O vaxtdan bəri bu insanlar tərəfindən həzz almaq üçün müəyyən hündürlüklərə qalxıb, mənzərənin dadını çıxarmaq kimi istifadə olunurdu. Normalda Ferratalar polad, dəmir tellər və nərdivanlardan ibarət olur. Yəni düz qayanı, qayalara toxunmadan, heç bir qayaya ayaq basmadan, texniki dırmanmalardan istifadə etmədən sadəcə dəmir pilləkənlərdən isifadə edərək dırmanırsan. Bura dırmanmaq üçün təhlükəsizlik dəbilqəsi (kask), sığorta kəməri və Via Ferrat üçün özəl olaraq Y şəklində (Y-in yuxarı 2 ucunun karabindən ibarət olduğunu təsəvvür edin) ləvazimatlar gərəklidir. Əslində bunu dağçılığın dırmanmaq növü kimi qeyd etmək olmaz.
Qaya dırmanması- çox vaxt təbii qayalar üzərində və ya süni divarlarda mövcud olan dırmanmadır. Əvvəllər dağçılığın bir qolu olaraq bilinsə də, indi müstəqil idman növüdür. Burda xüsusi olaraq qaya dırmanışları üçün istifadə edilən ayaqqabılar (skalnik), toz torbası (maqnezium), dəbilqə (kask), sığorta kəməri, sikkələr, takozlar, iplər istifadə edilir. Maqnezium tozu dırmanış əsnasında əlin tərləyib sürüşməsinə imkan vermir. Qaya dırmanmasını 2 yerə bölmək olar. İdman dırmanması (Sport climbing) və uzun məsafəli təbii qayalara dırmanmaları göstərmək olar. Qaya dırmanışı özü bir çox kateqoriyaya ayrılır.
§ Bouldering: Bu təbii qaya üzərində və ya süni relyeflər üzərində həyata keçirilir. Burda əsas güc, texnika və dözümlülük öz sözünü deyir. Yerdən maksimum 2-3 metr hündürlükdə olaraq, üfüqi şəkildə hərəkət edərək dırmanırsan. Çox da hündürlük olmadığından təhlükəsizlik tədbiri görülmür. Uzağı yer hissəyə tatami tipli matlar qoyulur, və ya bu tip dırmanışlar çox vaxt 2 nəfər tərəfindən həyata keçirilir. Çünki bir nəfər dırmanarkən, digəri əlləri ilə onu sığorta edir. Əslində həmin şəxs onu düşsə belə tuta bilməz, sadəcə düşmə zamanı onun düzgün bir şəkildə yerə düşməsinə kömək edir. Bu şəxslərə Spotter deyirlər. Boulder sözü iri qaya parçası, böyük daş kimi mənaları ifadə edir. Söz də burdan törənib.
§ Top-rope: Qabaqcadan təyin olunmuş marşrut qurulur və həmin marşrut üzrə sən də yuxarıya doğru dırmanırsan. Mövcud qayanın ən hündür yerində stansiya olur, dırmanan şəxsin belindəki ipə, sığorta kəmərinə isə qapalı səkizlik düyümü bağlanılır. İpin o biri ucu isə dırmanan şəxsi sığorta edən adamda olur. Dırmanan yuxarıya doğru qalxdıqca boşalan ipi sığorta edən yığır. Belə sığortalama da pandül efekti az olur. Pandül efekti nədir? Siz dırmanan vaxtı əsas marşrut üzrə hərəkəti buraxıb, sağa doğru dırmanmağa başlayırsız və bu zaman əsas marşrut sizin solunuzda qalacaq. Anidən qayadan sürüşüb düşəndə əsas marşrut solda qaldığı üçün ip sizi ora aparacaq, nəticədə diqqətli olmasanız bu da sizi qayayla qucaqlaşıb, özünüzə xəsarət yetirmənizə səbəb ola bilər.
§ Sərbəst stil (Free Climbing): Ən populyar olan dırmanış növüdür. Qısaca olaraq desək, dırmanan şəxs qaya üzərindəki tutacaq yerlərində öz fiziki qabiliyyətlərindən istifadə edir, ip və digər vəsaitlərdən sadəcə hər-hansı bir enişdə təhlükəsizlik üçün istifadə edir. Dırmanıcı yüksəkliyə qalxmaq üçün süni vəsaitlərdən istifadə etmir.
§ Sport dırmanış (Sport Climbing): Sərbəst stildən tək fərqi təhlükəsizlik vəsaitlərinin (takoz, sikkə, boltlar) daha əvvəldən marşruta yerləşdirilmiş olmasıdır. Dırmanıcıya sadəcə ipi ekspresslərin (ortasında neylon bant olan, iki ucunda karabin olan alət. Sport dırmanış, ənənəvi dırmanış növündən daha güvənlidir. Çünki burda siz alətləri taxacaq yer axtarmırsız, hər şey hazırdı, əlavə enerji sərf eləmirsiniz sadəcə dırmanmağa fikrinizi cəmləşdirməlisiniz. Hətta Sport dırmanış növü marşrutunun çətinlik dərəcəsi, ənənəvi dırmanış növü çətinlik dərəcəsindən daha çoxdur. Burda problem daha çox olur və daha fiziki güc gərəktirəcək atakalar mövcuddur.
§ Free-solo (İpsiz dırmanış): Dırmanmağın ən təhlükəli növüdür. Burada dırmanıcı öz təhlükəsizliyini özü təmin etməlidir, səni sığorta edən şəxs olmur. Sən sadəcə dırmanma ayaqqabısı(skalnik) və toz torbası(maqnezium) istifadə edərək dırmanırsan. Free-solo`da edilən bir səhv böyük ehtimal ölüm deməkdir. Bu cür tipdə bir dırmanma ilə məşğul olmaq üçün sənin özüvə qarşı güclü psixoloji nəzarətin olmalıdır. Burda hündürlükdə olarkən panikaya, qorxuya yol vermək olmaz, əsk təqdirdə bu sənin ölümünə gətirib çıxara bilər.
§ Süni dırmanış (Aid Climbing): Günümüzdə sadəcə elə yerlər mövcuddur ki, ora insanın sərbəst özü dırmanması mümkün deyil. Bu dırmanmanı belə təsəvvür edin, 20 metrlik tavandan (patalok) iplə asılı qalmısız və həmin tavanın dibinə çatmaq üçün sadəcə ipdə bəzi alətlərdən istifadə edərək özümüzü yuxarıya qaldırırsız. Burda ip, sikkə, jumar, hook və s. kimi vəsaitlərdən istifadə olunur. Bu kimi dırmanmalardan çox vaxt xilasetmə vaxtı istifadə olunur. Dağda, qayada qolu, ayağı sınan, şüurunu itirən şəxsləri bu dırmanış növü vasitəsilə aşağıya endirirlər
Nadir A.