BŞH XEYRİYYƏÇİLİK ÜÇÜN MARAFONA QOŞULUR
ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) 23 əməkdaşı həm sağlamlığı təmin etmək, həm də ehtiyacı olanlara dəstək göstərmək məqsədilə aprelin 30-da “Bakı Marafonu 2017”-də iştirak edəcək.
“Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulan BŞH-nin əməkdaşları aparılan qaçış kampaniyası çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən 9 yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.
BŞH-nin İnsan Resursları şöbəsinin rəhbəri və builki marafonun iştirakçısı İranə Əhmədova əməliyyat şirkətinin əməkdaşlarının yarışa qatılmağına belə münasibət bildirib: “Sağlam həyat tərzinin təbliği, gənclərin inkişafı və xeyriyyə tədbirlərinin keçirilməsi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əsas dəyərlərindəndir. Bakı marafonunda iştirak etməklə biz cəmiyyətdə öz dəyərlərimizi təbliğ edir və hər kəsi bu ideyaya qoşulmaqda fəal olmağa çağırırıq.
Bu təşəbbüs BŞH-nin ilk təqdirəlayiq addımı deyil. Belə ki, əməliyyat şirkəti 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün tələb olunan vəsaiti toplamışdı. İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan vəsaiti yığmağa çalışır. Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim olunacaq.