XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT QƏBƏLƏDƏ

ESTAFET/ Xəzər dənizindən start götürən "Bakı 2017 ümumxalq səyahət turu" bu gün Qəbələyə çatıb. "Su festivalı" rəsm və rəqs həvəskarı Şəfiqə Bayramzadə, taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Cavid Çələbiyev tərəfindən göldən səhəngə su doldurulması nümayiş etdirilib.


Sonra su səhəngi axşam keçiriləcək olan "Su festivalında" təqdim edilib. Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirilib. "Bakı 2017", 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilen tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.


Tədbirin qonaqları arasında "Bakı 2017", 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi. 
Mərasim axşam saatlarında Mərkəzi Parkda keçirilən "Su festivalı" tədbiri ilə davam edib.


Qeyd edək ki, Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı aprelin 29-da Qusar şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən çox məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.