İdmançılar yarışlara tamaşaçı kimi qatıla bilməyəcək - Tokio 2020
ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsi (BOK), Beynəlxalq Paralimpiya Komitəsi və Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Yaponiyadakı yarışın koronavirus pandemiyası dövründə keçirilmə qaydalarının ilkin versiyasını açıqlayıb. Olimpiada zamanı idmançılar xüsusi proqramdan istifadə etməlidir.
Onlar bu proqramla özlərini necə hiss etmələri barədə məlumat verəcək. Bundan başqa idmançılar ətrafdakılarla fiziki təmasdan maksimal dərəcədə qaçmalıdır. Atletlər iki metrlik ara məsafəsini gözləməlidir.
İdmançılara yarışlara tamaşaçı kimi qatılmaq qadağan olunacaq. Tokioya səfərdən 14 gün öncə idmançılar koronavirus testinin mənfi olduğu barədə sənəd təqdim etməlidir.
Koronavirus səbəbindən 2020-ci ildə baş tutmayan yarış 2021-ci ildə keçiriləcək. Olimpiada iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.
Qeyd edək ki, qaydaların növbəti versiyası apreldə dərc olunacaq. (apasport.az)