XƏZƏRDƏN BAŞLANAN SƏYAHƏT QUSARDA
ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu artıq Qusar rayonuna da çatdı.
Bu əlamətdar günlə əlaqədar 30 aprel tarixində Qusarın - Laza yaxınlığındakı şəlalələri ətrafında tədbir keçirildi. Su mərasimi, şahmat həvəskarı Mətin Bədəlov, Azərbaycan Respublikasının əməkdar məşqçisi Carulla Şingərov və buza dırmanma üzrə Respublika çempionu Renat Rəhimxanov tərəfindən şəlalədən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qusar Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə” - nin tanınmış simaları Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşviq Abbasov da var idi.
Mərasim axşam saatlarında General Əbilov adına parkda keçirilən “Su festivalı” tədbiri ilə davam etdi. Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qusar sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.