Teymur mövqeyini qorudu Şəhriyar gerilədi

ESTAFET/ FIDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb. Fevral reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. 

Millimizin liderlərindən Şəhriyar Məmmədyarov bir pillə geriləyib. 2770 xala malik qrossmeysterimiz 9-cudur. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

3 pillə irəliləyən Qədir Hüseynov 2665 xalla 71-cidir. 4 addım geriləyən Nicat Abbasov 2664 xalla 74-cü sırada qərarlaşıb. 

Ondan 10 xal az toplayan Rauf Məmmədov 5 addım irəliləyərək 87-ci sıraya yüksəlib. Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 96-cıdır. O, 4 pillə irəliləyib.

Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
 
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 3 pillə irəliləyərək 2443 xalla 28-ci yerə yüksəlib. Bir pillə geri düşən Gülnar Məmmədova (2382) 80-cidir. Ondan 6 xal geri qalan və 1 pillə irəliləyən Xanım Balacayeva 89-cudur.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.

Müəllif: Natiq NƏSİROV