Paytaxt klubunun rekordçusu 100-ü geridə qoydu
ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının XXVI turunda “Bernli”ni qəbul edən “Tottenhem” 4:0 hesablı qələbə qazanıb. Oyun londonluların kapitanı Uqo Lyoris üçün əlamətdar olub.
Premyer Liqada 285-ci matçını keçirən fransalı qolkiper 100-cü görüşündə qapısını toxunulmaz saxlamağı bacarıb. Bununla Lyoris “Tottenhem” tarixinin ən yaxşı göstəricisinə imza atıb.
35 yaşlı qolkiper Premyer Liqada 100 oyunluq quru seriyaya çatan 16-cı qapıçı olub. İngiltərə çempionatında qapısını ən çox oyunda toxunulmaz saxlayan Petr Çexdir. “Çelsi” və “Arsenal”ın sabiq qapıçısı 202 qarşılaşmada rəqib hücumçularına aman verməyib ki, bunun 162-si “Çelsi”nin heyətində olub.
Qeyd edək ki, “Tottenhem” 39 xalla hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır. (apasport.az)