Güləş yığmamızın lisenziya turniri üçün heyəti açıqlandı
ESTAFET/ Güləş üzrə Azərbaycan milli komandasının lisenziya xarakterli ilk turnirə qatılacaq heyəti müəyyənləşib. Yığmamız Macarıstanın paytaxtı Budapeştdəki yarışa 16 güləşçi ilə qatılacaq.
Martın 18-21-dəki turnirdə 5 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq. Bunlar Giorgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Maqomedovdur (125 kq).
Qadın güləşində Leyla Qurbanova (53 kq), Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə yığmada isə Murad Mamedov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.
Qeyd edək ki, yığmamız artıq iki lisenziya qazanıb. Hər iki vəsiqəni milliləşən legionerlər əldə edib. Mariya Stadnik (50 kq) qadın, Şərif Şərifov (97 kq) sərbəst güləşdə bunu bacarıb.